ChatGPT-də istifadəçini cavab axtarışına təşviq edən "Tədris rejimi" əlavə olunub
OpenAI, ChatGPT-yə tələbələrdə tənqidi düşüncə bacarığını inkişaf etdirmək məqsədi ilə yeni "Tədris rejimi" (Study Mode) əlavə edib. Bu rejimdə süni intellekt hazır cavablar vermək əvəzinə istifadəçiyə qarşı suallar verir və əgər istifadəçi prosessə fəal şəkildə qoşulmazsa, köməkdən imtina edir.
Yeni funksiya artıq Free, Plus, Pro və Team tariflərində qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatandır. Yaxın həftələrdə bu rejim, məktəblərin sinif üzrə plan əldə etdiyi Edu abunəçiləri — əsasən şagirdlər — üçün də aktiv olacaq.
OpenAI, ChatGPT-ni şagird və tələbələrin ehtiyaclarına uyğunlaşdırmaq istəyir. Araşdırmalara görə, süni intellektlə esse yazan tələbələrin beyin aktivliyi, Google-dan istifadə edən və ya tapşırığı özü yerinə yetirənlərə nisbətən aşağı olur.

2022-ci ildə ChatGPT istifadəyə verildikdən sonra ABŞ-da bir çox məktəblər süni intellekti tədris prosesinə mənfi təsir göstərəcəyi qorxusu ilə qadağan etmişdi. 2023-cü ilə qədər bu qadağaların bir hissəsi aradan qaldırıldı. Yeni "Tədris rejimi" isə süni intellekti real təhsil alətinə çevirmə cəhdidir. Bənzər yanaşmanı daha əvvəl Anthropic şirkəti də "Learning Mode" rejimi ilə tətbiq etmişdi.
Hazırda valideynlər və məktəb rəhbərləri bu rejimi məcburi şəkildə aktiv edə bilmirlər, lakin istifadəçi onu əl ilə deaktiv edə bilər. OpenAI-nin təhsilə cavabdeh vitse-prezidenti Lea Belsky qeyd edir ki, gələcəkdə bu rejim üçün müəyyən məhdudiyyətlər əlavə oluna bilər.
OpenAI bildirir ki, "Tədris rejimi" sadəcə ilk addımdır. Gələcəkdə tələbələrin generativ süni intellekti təhsilin bütün mərhələlərində necə istifadə etdikləri təhlil ediləcək.